26 Mart 2024 Salı

Əzizağa Nəcəfzadə - Füzuli və Mirzə Cəlil: kəsişən xətlər və paralellər

 

(Məhəmməd Füzulinin anadan olmasının 530, Cəlil Məmmədquluzadənin 155 illiyi münasibətilə)

Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” məcmuəsinin 1925-ci il 23 may tarixli nömrəsində dərc olunan “Füzuli” başlıqlı məqaləsində yazırdı: “Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb bu günə qədər məcmuəmizdə iştirak edib və şeirlər yazıbdır. Füzuli bizim məcmuəmizdə işləyir. Yenə də işləyəcəkdir”. Mirzə Cəlil bu sözləri “Molla Nəsrəddin”ə münasibətdə deyirdi. Biz isə belə bir cəsarətli fikri irəli sürmək istəyirik ki, Füzuli Mirzə Cəlilin yaradıcılığa başladığı gündən hər zaman onun qələm məsləkdaşı, məfkurə yoldaşı olub. Düzdür, Cəlil Məmmədquluzadə Füzuli ədəbi məktəbinin davamçısı olmayıb, lakin Füzulini diqqətlə öyrənib, ondan bəhrələnib.

Cəlil Məmmədquluzadə həmin məqalədə onu da qeyd edirdi ki: “(“Molla Nəsrəddin”də) hansı şeirə baxsanız, görəcəksiniz ki, onda Füzulidən bir duz vardır”. Böyük ədib bu fikrini məcmuədə dərc olunan poetik əsərlər haqqında deyirdi. Biz isə həmin faktı genişləndirib, daha cəsarətlə demək istəyirik ki, Mirzə Cəlilin yaradıcılığı da elə Füzulinin sənət idealının yeni məcrada, yeni biçimdə davamı idi. Sadəcə, dövr başqa idi, tələblər özgə idi.

Sənətkarların həyata baxışları isə dəyişməmişdi, hadisələrə verilən qiymət və sənət idealları eyni idi.

İndi isə Cəlil Məmmədquluzadə və Füzuli ədəbi irsi arasında paralellər aparmağa çalışaq:

- Hər iki sənətkar mövcud reallığın alleqorik dərkində bir-birinə çox yaxınlaşır. Həm Füzuli, həm də Mirzə Cəlil yaradıcılığın ilk mərhələsində həyat hadisələrinin alleqorik təsvirinə müraciət edir. Belə ki, Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” alleqorik dramı forma və üslub cəhətdən Füzuli alleqoriyalarını xatırladır. Bu əsərdə müxtəlif zümrələri təmsil edən Samovar, Podnos, Çaynik, Stəkan, Nəlbəki, Çay qaşığı və digərlərinin dialoqları Füzulinin “Söhbət ül-əsmar” münazirəsindəki Aluçə, Gilas, Zərdalu, Alma, Badam, Qovun, Qarpız kimi şərti alleqorik obrazların mübahisəsini xatırladır.

- İki sənətkarın yaratdığı obrazlar arasında müəyyən mənada yaxınlıq var. Məsələn, Cəlil Məmmədquluzadə “Anamın kitabı” pyesində Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid surətlərində müxtəlif dünyagörüşünə malik zümrələrin nümayəndələrinin həm müsbət, həm də mənfi cəhətlərini təsvir etməklə onlardan heç birinə üstünlük vermir, onları bərabərləşdirir. Füzuli isə “Rindü Zahid” əsərində bir-birinə müxalif və zidd qütbü – riyakar Zahidlə zinakar Rindin nöqsan və məziyyətlərini açıqlayaraq onları eyniləşdirir. Füzulidə Zahid və Rind ata və oğul, Cəlil Məmmədquluzadədə isə Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid qardaşdırlar.

- İstər Cəlil Məmmədquluzadə, istərsə də Məhəmməd Füzuli öz əsərlərində dövrə, köhnə adət-ənənələrə müxalif olan baş qəhrəman yaradıblar. “Ölülər” tragikomediyasında İsgəndər, “Leyli və Məcnun” poemasında Qeys “hələ çox qüvvətli olan” köhnə adət-ənənələrə qarşı mübarizə aparır, yeni əsrin ruhu ilə nəfəs alırlar.

“Ölülər” əsərində Hacı Həsən ağa və Kərbəlayı Fatma özləri də bilmədən qızlarını bədbəxt edirlər. “Leyli və Məcnun”da da oxşar mənzərə ilə rastlaşırıq. Bu əsərdəki ata və ana da köhnə adət-ənənələrin tələblərindən çıxış edərək öz övladlarının faciəsinə səbəb olurlar.

Cəlil Məmmədquluzadənin “Ölülər”ində də, Məhəmməd Füzulinin “Leyli və Məcnun”unda İsgəndərin sözü, Nofəllərin qılıncı dövrün ədalətsiz tələbləri
qarşısında gücsüz görünür.

- Hər iki sənətkar musiqinin insan ruhuna sirayətini dərindən dərk edir. Füzuli “Yeddi cam” əsərində çalğı alətlərinin ecazkar təsirini, musiqinin idraki əhəmiyyətini bəlağətli dillə ifadə edir, Cəlil Məmmədquluzadə də “Kamança” pyesində bu musiqi alətinin nəvalı sədasının insan şüuruna psixoloji təsirini verməyə müvəffəq olur.

Beləliklə, ilk baxışda Füzuli və Cəlil Məmmədquluzadə irsi arasında oxşar xüsusiyyətlər görmək mümkün deyilsə də, bu iki sənətkarın irsini diqqətlə araşdırdıqda onların yaradıcılıqları arasında müəyyən uyğun cəhətlər nəzərə çarpır. Bəlli olur ki, hər iki sənətkarın yaradıcılığında kəsişən xətlər olduğu kimi yanaşı gələn paralellər də çoxdur.

Əzizağa Nəcəfzadə
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi

Hiç yorum yok:

Yorum Gönder

Mehmed Akif Ersoy - Hasta (Safahat'tan)