Koroğlunun adı bütün aləmə yayılmışdı. Dünyanın hər tərəfindən iyid oğlanlar onun dəstəsinə gəlirdi. Qızlar, gəlinlər onun həsrətini çəkirdilər. Bu səs-səda gəlib İstanbula da çatmışdı. İstanbul xotkarının qızı Nigar xanım da görməzəbilməzə eşq badəsini içib bir könüldən min könülə Koroğluya aşiq olmuşdu. Amma yazıq qız atasının, bir də ki bir namərd qardaşı var idi, onun qorxusundan ləb tərpədib nəfəs çəkə bilmirdi. Deyirlər İstanbul kəndlərinin birində Bəlli Əhməd adında yeniyetmə, cavan bir oğlan var idi.. Bəlli Əhməd nə qədər ki, igid idi, bir o qədər də əli açıq, könlü-gözü tox idi. Tapdığını tək yeməzdi. Elə ki, Koroğlu sədası gəlib buralara çatdı, Bəlli Əhməd çox götür-qoydan sonra çarıxlarının bağını bərkidib, ağamı Allah saxlasın deyib, Çənlibelə tərəf yola düşdü. Çox getdi, az getdi, o necə deyərlər dərə-təpə düz getdi, bir cümənin günündə gəlib İstanbula yetişdi. Bəli, elə təzəcə bazara girmişdi, o yan bu yana baxırdı ki, gördü hamı qaçır. Özü də heç dükanı bağlayıb el...