Perşembe, Mart 28, 2024

Fərhad ile Şirin (Dastan)

 

USTADNAMƏ

 Danəndə yanında, məclis içində, 

Şirin sözün cana yayılsın gərək! 

Sazın cingildəyib, səsin gələndə, 

Qəflətdə yatanlar ayılsın gərək!

 

Ləli-mərcan gərək aşıq kalamı, 

Afərin söyləyə eşidən hamı, 

Firdovsi, Nizami, Füzuli, Cami, 

Ustadlar tanınıb sayılsın gərək!

 

Yandırmaz hər qəlbi eşqin ataşı, 

Fərhad istər çapa qayanı, daşı. 

Kamil ustad olmaz hər yetən naşı, 

Dəmir zindan üstə döyülsün gərək!

 

Əgər qismət olsa tər-xonça xara, 

Şeyda bülbül batar min ahı-zara. 

Dünyada düşməsin mərd adam dara, 

Namərdlər comərdə əyilsin gərək!

 

Getdi bu dünyadan neçə şiri-nər, 

Bəhram şah hünərvər, Xosrov dilavər. 

Aşıq Xeyri, sözün söylə dil əzbər, 

Ustadlara rəhmət deyilsin gərək!

 

Ustadlar ustadnaməni bir deməyib, iki deyərlər. Biz də deyək iki ol¬sun, mərdlərin başı dik olsun.

Fələk zəhər qatdı çoxlar aşına, 

Çoxlar ömrün tamam eylədi bir gün. 

Min bəla gətirdi axır başına, 

Sitəmindən həzər söylədi bir gün.


Çoxlar məclis qurub döşətdi xalı, 

Qaldı bu dünyada dünyanın malı. 

Uddu qara torpaq ol Rüstəm Zalı, 

Gör çərxi hökmdar neylədi bir gün.

 

Fələk hər kimsədən bir qisas aldı,

Əzrayıl yeriyib qanadın çaldı. 

İskəndər əlindən qamçını saldı, 

Xancal alıb bağrın teylədi bir gün.

 

Mərd iyidlər kəm olmazlar mürvətdən, 

Hər kəsdənin qisməti var nemətdən. 

Buğda verib çıxartdılar cənnətdən, 

Şeytan ol Adəmi tovladı bir gün.

 

Ümid, bel bağlama fani dünyaya, 

Gəl qiymət qoy ustad verən haqq-saya. 

Bəlkə əməyini döndərdi zaya, 

Səni də yolundan eylədi bir gün.

 

Ustadlar ustadnaməni iki deməyib üç deyər, biz də deyək üç olsun, namərdlərin ömrü puç olsun.

 

Söylə görüm, gəlib keçib, 

Neçə insan dünya, səndən? 

Ölüm şərbətini içib, 

Qoca, cavan dünya, səndən?

 

Gah boşaldın, gah da doldun, 

Çox işlərə səbəb oldun. 

Neçə şahlar taxtdan saldın, 

Çəkdi fəğan dünya, səndən.

 

Kimini qəmlə doydurdun, 

Kimisinə al geydirdin. 

Kiminin gönün soydurdun, 

Getdi üryan dünya, səndən.

 

Əzəl savaba baxmadın, 

Fağır qolundan tutmadın. 

Kimsə dadına çatmadın, 

Ay dad, aman dünya, səndən.


Birini eyləyəndə şad, 

Birisinə çəkdirdin dad. 

Neçəsi getdi namurad, 

Uddu al qan dünya, səndən.


Bir zaman murada yetdi, 

Cəmi quşlara hökm etdi. 

Ömr eylədi, köçüb getdi, 

Çox Süleyman dünya, səndən.


Devlər ilə eylədi cəng, 

Öldürdü çox iyid, sərhəng. 

Can üzüldü, oldu diltəng, 

Rüstəm-dastan dünya, səndən.


Şir tək bərələrdə yatdı, 

Atasıynan güştü tutdu. 

Cavan getdi, qana batdı, 

Söhrab nalan dünya, səndən.


Firdovsi yazdı "Şahnamə", 

Dastanı yetdi tamamə, 

Dad çəkdi çatmadı kamə, 

Bir elə can dünya, səndən.


Nizaminin xoş həvəsi, 

Aləmə yayıldı səsi. 

Açıldı söz xəzinəsi, 

Ləli-mərcan dünya, səndən.


İskəndər qoydu başa tac, 

Balıqlardan aldı xərac. 

Axır oldu taxtı tərac, 

Çəkildi yan, dünya, səndən.

 

Sən olandan bəri abad, 

Gəlib keçib neçə ustad, 

Neçə aşiq, Şirin-Fərhad, 

Gedib giryan, dünya, səndən.


Kəsdin iyidlər yolunu, 

Sındırdın şimşad qolunu. 

Qocaltdın Əlioğlunu, 

Qəddi kaman, dünya, səndən.

Sizə hardan xəbər verim, dünyanın bir əyyamından, ustadlar qov-lundan, şirlər yolundan, dünyanın bir zamanında Şəmistan adlı varlı, cahi-cəlallı bir padşah var idi. Şəmistan padşahın qoca vaxtında övlad payı, gözəllikdə tayı tapılmayan, ayı mat, günü xəcalət eliyən Şirin adlı bir qızı var idi. Şəmistan padşah bir imarət qurdurmaq istədi. Bilal adlı yaxşı bir bənna var idi. Şəmistan padşah Bilalı çağırtdı. Bənna Bilal pad-şahın hüzuruna gəldi, baş əydi, torpağa düşdü, padşahın onu nə üçün çağırdığını xəbər aldı. Şəmistan padşah dedi:

- Ey bənna, səni ona görə çağırtdırmışam ki, mənə başı buluddan, ayağı dəryadan nəm çəkən yeddi mərtəbəli bir imarət tikəsən. Padşahların hökmünü yerinə yetirənlər xələt alırlar, yerinə yetirməyənlər qəzəbinə düçar olurlar. Fikirləş, hansı seçirsən seç. Binanı tikib başa gətirsən, sənə yaxşı xələt verəcəm.

Bənna Bilal padşahın hökmünü yerinə yetirməyə söz verdi.

Bənna Bilalın Fərhad adlı camallı-kamallı bir qəşəng oğlu var idi. Fərhad yaxşı qaya çapmaq, daş yonmaq bilirdi. Bənna Bilal oğlu Fərhad ilə padşaha imarət tikəcəyi yerə gəldi. Fərhad daş yonub atasına verərdi, atası da imarəti tikərdi. Neçə aylar, günlər keçdi, bənna Bilal oğlu Fərhad ilə Şəmistan padşaha başı buluddan, ayağı dəryada nəm çəkən imarət tikdi. İmarətə tamaşa eləmək üçün Şirin özünə yeddi qələm ilə ziynət verib qırx incə qıznan oraya gəldi. Fərhad Şirini görüb bir könüldən min könülə aşiq oldu. Şirin də gül camallı, xətti-xallı Fərhada aşiq oldu. Fərhad nazlı-qəmzəli gözəl Şirinin sevdasına düşdü. Eşq başına vurdu, sinəsi dəmirçi kürəsi kimi alışdı. Ürəyi coşdu, aldı görək qırx incə qız arasında duran adı Şirin, özü şirin qıza nə dedi:

Qurbanı olduğum, ay nazlı Şirin, 

Şirin, sən buraya səfa gətirdin.

Sənsiz gecə-gündüz olmaz qərarım, 

Şirin, sən buraya səfa gətirdin.

Qaşın qap-qapadı, gözün sürməli, Gündə yüz yol gül üzünü görməli. Səninlə sallanıb bağa girməli, Şirin, sən buraya səfa gətirdin.

Gözəlliyin bəlli cümlə cahana, Qız, öyünər səni bəsləyən ana. Gözəllər başına olub pərvana, Şirin, sən buraya səfa gətirdin.

İstərəm üzünü görməsin yaman, Seyrəqib kəsdənin əlindən aman. Fərhadam, boynuna mən olum qurban, Şirin, sən buraya səfa gətirdin.

Fərhad sözünü tamam eylədi. Fərhadın şirin kəlam oxuması qızın çox xoşuna gəldi. Adı Şirin, özü şirin qız Fərhadı görüb gözəl gözlərini yana süzdü. Oğlana qıyğacı baxdı. Şirinin bu baxışı Fərhadın sinəsinə od saldı. Onun eşqini birə-beş artırdı. Fərhad daha da coşdu. Aldı görək Şirinin gözlərini necə tərif eylədi:

Başına döndüyüm gül üzlü Şirin, Apardı ağlımı qara gözlərin. Göyçək cəmalına aşiq olmuşam, Eyləməz dərdimə çarə gözlərin.

Sənin kimi şama mənəm pərvana, Amandı bu qədər qəsd etmə cana. Çatmaqaş altında süzülür yana, Eyləyir sinəmi para gözlərin.

Nə olar anlayıb dərdimi bilsən. Mina gərdənlisən, bir qara telsən. Dağlarda lalasan, bağlarda gülsən. Qorxuram ki, uya xara gözlərin.

Özün kimi gözəl olmaz dünyada, Canım qurban olsun o şirin ada. Aradakı ilqar getməsin bada, Yandırar ciyərim nara gözlərin.

Fərhad qurban olsun bir şirin cana, Könlümün evini qılma virana. Zülflərin tökülüb tamam gərdana, Vurubdu qəlbimə yara gözlərin.

Oğlanın bu sözü də qızın xoşuna gəldi. Şirin yenə də naz atdı, işvə satdı, Fərhadın qarşısında tovus kimi cilvələnib süzdü. Baş-başa çatılmış qara qaşlarını elə oynatdı ki, qaşının oynaması ilə Fərhadın könlü də oy¬nadı. Qəlbini eşqin atəşi yandırdı. Fərhad Şirinin gözlərinə söz de-mişdi. Öz-özünə fikir eyləyib dedi: "Qaş gözün ziynəti, yaraşığıdı. Qaşsız göz, gözsüz qaş nəyə gərəkdir". Oydu ki, aldı görək qızın qaşlarını necə tərif elədi:

Adın Şirin, özün şirin, şirin yar, Döndərib qəddimi kamana qaşlar. Huş kamalı dürüst, ağlı dərin yar, Yaraşır sən kimi canana qaşlar.

Bülbül cəh-cəh vurub dolanır bağı, Nə gözəl qurulub yarın otağı, Qapından qovma sən saxla qonağı, Mürvət eyləyəndən mehmana qaşlar.

Vardır seyrəngahın, xoş mürğüzarın, Düzülüb dəhana inci, mirvarın. Tapılmaz dünyada heç barabarın, Bənzəyir huri-qılmana qaşlar.

Gözəllikdə əcəb götürübsən pay, Amandır, eyləmə əməyimi zay. Qoyaram yolunda mən yüz haqqı-say, Gətirsə də məni amana qaşlar.

Sevmişəm dünyada o gözəl adı, İstərəm pərimdən versin muradı.

Eşqin sevdasına saldı Fərhadı, Eylər mən fağırı divana qaşlar.

Şirin qorxdu ki, yanındakı qızlar işi duyub atasına, anasına xəbər versinlər, oydu ki, ordan getmək istədi. Fərhad Şirinin getmək istədiyini görüb aldı görək Şirinə nə dedi. Şirin ona necə cavab verdi:

Aldı Fərhad:

Məni eşq oduna salan Gözəl, getmə bircə dayan. Ağlı, huşu başdan alan Gözəl, getmə bircə dayan.

Aldı Şirin:

Atam-anam yolum gözlər, Salamat qal, mən gedirəm. Sinəmi odlar o gözlər, Salamat qal, mən gedirəm.

Aldı Fərhad:

Yaradan xoşlayıb səni, Sevdaya caladın məni. Sevdim sən kimi kimsəni, Gözəl, getmə bircə dayan.

Aldı Şirin:

Tanrıdan eylədim dilək, Biz murada çatıb gülək. Oğlan bil, səndədi ürək, Salamat qal, mən gedirəm.

Aldı Fərhad:

Səndən bir iltimasım var, Çəkdirmə mənə ahı-zar. Bağlayaq arada ilqar, Gözəl, getmə bircə dayan.

 

 

Aldı Şirin:

Bir od saldın şirin cana, Az qaldı ki, ürək yana. İlqarımız qalsın sona, Salamat qal, mən gedirəm.

Aldı Fərhad:

Seçmərəm gül üzdən səni, Qoymaram heç gözdən səni. Saz-söhbətdən, sözdən səni, Gözəl, getmə bircə dayan.

Aldı Şirin:

Bir də eşidəm sədanı, Nuş eylərəm xoş badanı. Oğlan, mən alım qadanı, Salamat qal, mən gedirəm.

Aldı Fərhad:

Rəhm elə mən mübtəlaya, Qurbanam üzü lalaya. Fərhadı saldın bəlaya, Gözəl, getmə bircə dayan.

Aldı Şirin:

Sir sözünü söylə xəlvət, Ürəkdə var rəhm, mürvət. Şirin ola sənə qismət, Salamat qal, mən gedirəm.

Şirin Fərhaddan ayrılıb getmək istədi.

Biçarə Fərhad Şirinin ayrılıb getməsinə dözə bilmədi. Üzünü gözəl Şirinə tutub dedi:

- Ay canımı alan, könlümə talan salan yar, gözümdən getsən, özüm-dən gedərəm, insafa gəl, mürvət elə, bir ayaq saxla. Sinəmə beş xanə

^çr^ 112 <?^.

söz gəlib onu söyləyim, sonra ixtiyar özünündü. Fərhad Şirini sevdiyini bir də qıza bildirmək istədi. Aldı Fərhad:

Lalə yanaq, gözəl Şirin, Könül sənə bənd olubdu. Sevdim səni əzəl Şirin, Könül sənə bənd olubdu.

Əcəb həddə çatıb yaşın, Sona tək yaşıldı başın. Nə xoş çəkilibdi qaşın, Könül sənə bənd olubdu.

Sənsən gözəllərə ürkər, Ağzın baldı, dilin şəkər. Ağrın alım, pəri peykər, Könül sənə bənd olubdu.

Nə yaxşıdı oban, elin, Yaraşır kəmərə belin. Tökülüb gərdənə telin, Könül sənə bənd olubdu.

Sallan bəri, lala yanağ. Fərhad dələr külünglə dağ. Gözlərimdən olma irağ, Könül sənə bənd olubdu.

Aşiq-məşuq yüz cəfa ilə bir-birlərindən ayrıldılar. Şirin qızlarnan çıxıb evlərinə getdi. Fərhadı da atası apardı.

Bunlar burda qalsınlar, sizə Şəmistan padşahdan xəbər verim. Şəmis-tan padşah imarətin başa gəldiyini eşidib, oraya gəldi, bənnə Bilalı çağırdı, ona xələt verib yola saldı. Sonra külfəti ilə təzə imarətə köçdü. Şəmistan padşah burda qalsın, sizə Şirindən danışım. Şirin Fərhada aşiq olduğunu nə atasına, nə də anasına aça bilirdi. Məlul-müşkül əyləşib Fərhadın intizarını çəkirdi. O tərəfdən Fərhad da Şirindən ayrı dözə bilməyirdi. Səbri, qərarı kəsilmişdi. Nə gündüzü gündüz idi, nə gecəsi gecə. Sev-gilisinin firqəti onu rahat qoymayırdı. Biçarə Fərhad dərdini öz içində çəkirdi. Heç kimə sirrini açmayırdı. Şirin deyirdi, Şirin eşidirdi. Günlərin bir günü Fərhadın anası Reyhan oğlunu belə məlul görüb dedi:

-              Ah, gözlərinin qurbanı olum oğul, söylə görüm sənə nə olub ki, rəngin belə zəfəran kimi saralıbdı?

Fərhad əzəl istədi anasına eşqə düşdüyünü deməsin. Sonra fikir-ləşdi ki, bu sirri anasına da açmasa kimə aça bilər. Kim onun dərdinə əlac eyləyə bilər. Axırda Şəmistan padşahın qızı Şirinə aşiq olduğunu anasına açıb söylədi. Reyhan oğlu Fərhadın Şirinə aşiq olduğunu bilib onu dilə tutdu, bu sevdadan yayındırmaq istədi. Ancaq nəsihətləri Fər-hadı kar eyləmədi. Reyhan yalvarıb dedi:

-              Ay oğul, başına dönüm, qadanı alım, sevda çox çətindir, eşqə dü-şənlərin başı min bəla çəkir. Gəl sən bu sevdadan əl çək. Sən bir kasıb bənna oğlusan. Şirin dövlətli bir padşah qızıdır. Atası onu sənə verməz. Şirin sənin babın deyil. Axtar babını tap. Nə çoxdur eldə qız. Sev, bi¬rini al. Özünü də, bizi də əziyyətə salma.

Anasının cavabında aldı Fərhad görək nə dedi, anası necə cavab verdi.

Aldı Fərhad:

Bir gözəl salıbdı məni sevdaya, Ana, mən Şirindən dönə bilmərəm. Düşsəm də yolunda dərdi-bəlaya, Ana, mən Şirindən dönə bilmərəm.

 

Aldı Reyhan:

Qadasın aldığım gül üzlü Fərhad, Gəl sən bu sevdadan əl çək, ay oğul. Bu viran dünyada olmaz qəlbim şad, Gəl sən bu sövdadan əl çək, ay oğul.

 

Aldı Fərhad:

Ağzı şəkər, dodaqları qənd olub, Zülfləri boynuma bir kəmənd olub. Görmüşəm üzünü, ürək bənd olub, Ana, mən Şirindən dönə bilmərəm.

 

Aldı Reyhan:

Eyləmə sən hər yetənə etibar, Öz bağımızda var alma, heyva, nar, Bil ki, padşah qızı olmaz sənə yar, Gəl sən bu sevdadan əl çək, ay oğul.

Aldı Fərhad:

Camalının şövqi mat eylər ayı, Yoxdur tək sonamın göllərdə tayı. Əhdə düz gözəldi, deyil hərcayı, Ana, mən Şirindən dönə bilmərəm.

Aldı Reyhan:

Qohum susar qohumuna, elinə, Düşməyəsən seyrəqibin felinə. Uyma bivəfanın şirin dilinə, Sən gəl bu sevdadan əl çək, ay oğul.

Aldı Fərhad:

Məşuqun olmasa cövri-cəfası, Hərgiz sürülməz ki, zövqi-səfası Mən bilirəm vardı mənə vəfası, Ana, mən Şirindən dönə bilmərəm.

Aldı Reyhan:

Vərqa Gülşa üçün saraldı, soldu, Urha Urşa üçün sevdaya doldu. Məcnun Leyli sevdi, divanə oldu. Sən gəl bu sevdadan əl çək, ay oğul.

Aldı Fərhad:

Fərhad Şirin üçün yandırıb ürək, İlqarlı kimsədən olarmı keçmək? Aşiq eşq oduna alışsın gərək, Ana, mən Şirindən dönə bilmərəm.

 

Aldı Reyhan:

 

Reyhanam, dərməyə nərgiz, lala çox, Elə qaşı qara, gözü ala çox. Bu sevdada qəm, möhnət çox, bəla çox, Gəl sən bu sevdadan əl çək, ay oğul.

 

Anası bildi ki, sevdaya düşənləri qaytarmaq olmaz. Aşiq məşuqənin dalınca gedib dağlara, daşlara düşüb, cövri-cəfa çəkib sevdiyi qızı tapıb gətirməsə ölər, geri dönməz. Fərhadı da bu sevdadan yayındırmaq çox çətindi. Yer üzünün gözəlləri, göyün huri-qılmanları gəlsə də, Fərhad heç birinə meyl eyləyib Şirindən əl çəkməz. Biçarə Reyhan çox məyus oldu. Bir yanda boynunu burub oturdu. Bu dəfə Fərhadın atası irəli yeridi. Oğluna öyüd-nəsihət eylədi. Yenə də başa gəlmədi. Fərhad Şirindən ötrü ah çəkməyə, aman eyləməyə başladı. Göysünü ötürdü. Bənna Bilal oğlu Fərhadın halına ürəkdən yandı, aldı görək oğluna nə dedi, oğlu Fərhad ona necə cavab verdi.

Aldı Bilal:

 

Cəfasın çəkdiyim Fərhad, Göysünü ötürmə belə. Qönçə gül əkdiyim Fərhad, Əməyim itirmə belə.

 

Aldı Fərhad:

 

Mehriban, ata, bir qızın Eşqi məni zayil eylər. Al geyinib naz edəndə, Gül üzünə mail eylər.

 

Aldı Bilal:

 

Oğlum, sən gəl olma naşı, Tap özünə can sirdaşı. Ahın ilə dağı-daşı, Sən dilə gətirmə belə.

Aldı Fərhad:

Peymandan, ilqardan ötrü, Çəməndən, gülzardan ötrü. Şirin kimi yardan ötrü, Axar göz yaşım sel eylər.

 

Aldı Bilal:

Eşidər dost, düşmən bilər, Bu günə şad olub gülər, Eşq yamandı dağı dələr. Eşq daşın götürmə belə.

 

Aldı Fərhad:

Ürəyim sevdaynan yanar, Əlimdə yoxdu ixtiyar. Leyl-nahar qıllam ah-zar, Ayrılıq günüm il eylər.

 

Aldı Bilal:

Bilal eşitməsin ünün, Getsin qəlbdən dağ-düyünün. Dəli olub axır günün, O yerə yetirmə belə.

 

Aldı Fərhad:

Sevdim bir bəylər xasını, Gözəllərin şəhlasını. Şirinin hər bəlasını, Fərhad cana qayıl eylər.

Söz tamam oldu. Atası da gördü ki, doğrudan Fərhadı bu eşqdən uzaqlaşdırmaq mümkün olmayacaq. Aşiq gərək məşuqindən ötrü çöllərə düşsün, yansın, qaralsın, solsun, saralsın, ya ölsün, ya da butasını ələ

 

 

keçirsin. Bənna Bilal oğlunun bu yoldan qayıtmayacağını bilib ona xeyir-dua verdi, muradına, mətləbinə çatmasını arzu eylədi.

Fərhad burada qalsın, sizə Şirindən danışım. Fərhad Şirinin fərağını çəkən kimi, Şirin də Fərhadın intizarını çəkirdi. Gecə-gündüz ahü-zar eyləyirdi. Fərhaddan ayrı qərarı tükənmiş, səbri kəsilmişdi. Anası Meh-riban xanım qızını qəmgin görüb onun yanına gəldi. Halını soruşdu, te¬lini sığallayıb boynunu qucaqladı, qəmgin olmasının səbəbini xəbər aldı, Şirin Fərhada aşiq olduğunu indiyə qədər nə anasına, nə də atasına açmamışdı, indi də açmaq istəmirdi. Ancaq anası Mehriban xanım əl çəkmədi. Mehriban xanım qızı Şirini belə məlul, müşkül, pərişan görüb aldı görək nə dedi, Şirin ona nə cavab verdi.

Aldı Mehriban xanım:

Gözlərin qurbanı, gözəl Şirinim, Söylə, gözəl qızım, niyə qəmlisən? Nədən belə ahü-fəğan çəkirsən, Söylə, gözəl qızım, niyə qəmlisən?

 

Aldı Şirin:

Məni boya-başa yetirən ana, Ana, mən Fərhada aşiq olmuşam. Doqquz ay qundağım götürən ana, Ana, mən Fərhada aşiq olmuşam.

 

Aldı Mehriban xanım:

Geyməyə atlasın, alların vardı, Ağ üzündə qara xalların vardı. Dodağında şirin balların vardı, Söylə, gözəl qızım, niyə qəmlisən?

 

Aldı Şirin:

Nə ola ki, bir şad olam, güləm mən, Xoryadların bağrın başın dələm mən. Sevgilimlə seyrangahdan gələm mən, Ana, mən Fərhada aşiq olmuşam.

Aldı Mehriban xanım:

Od kimi yandırır sinəmi sözün, Xətrini istərəm bilirsən özün. Bəzəyin, düzəyin, ağır cehizin, Söylə, gözəl qızım, niyə qəmlisən?

 

Aldı Şirin:

Ana, sən artırma gəl qəm-qüssəmi, Qeydimə qalmayır nə dayı, əmi. Nə ola tapaydı həmdəm həmdəmi, Ana, mən Fərhada aşiq olmuşam.

 

Aldı Mehriban xanım:

Gül-gülüstan olsun sənin dörd yanın, Anan Mehriban da olsun qurbanın. İstərəm ucalsın qoy adın, şanın, Söylə, gözəl qızım, niyə qəmlisən?

 

Aldı Şirin:

Şirinəm, dad etdim mən dad eşitdim, Cəmi aşiqləri namurad etdim. Hər gün Fərhad dedim, Fərhad eşitdim, Ana, mən Fərhada aşiq olmuşam.

Mehriban xanım Şirinin Fərhada aşiq olduğunu bildi. Əzəl ona nəsi-hət verdi, danladı. Gördü ki, sözləri Şirinə təsir eləmir, sonra aşiq olan¬ların bir-birlərindən dönmədiklərini düşündü, qızına yazığı gəlib dedi:

- Qurbanın olum gözəl qızım, hələlik atan bu sirri bilməsin, evdə otur, bir yana çıxma. Atan sənin Fərhada aşiq olduğunu bilsə, qəzəbi tutar, səni də, Fərhadı da öldürdər.

Bunun üstündən bir qədər keçdi. Mehriban xanım gördü qızının dərdi elə hey artır, ona qızlarla gəzməyə çıxmağa icazə verdi; Şirin qız-larla bağda gəzirdi, ancaq onun gözünə nə qızlar, nə də bağ görünürdü. Fərhad fikrindən çıxmırdı. "Yorulmuşam" - deyə, qızlardan ayrıldı, bir hovuzun başına gəldi.

Şirinin Məsmə adlı bir qarabaşı var idi. Şirin onun xatirini çox istə-yirdi. Məsmə Şirinin sirrini heç kimə açmazdı. Məsmə qarabaş Şirinin Fərhada aşiq olduğunu bilirdi, xanımını bikef görüb ona ürək-dirək ve¬rirdi. Ancaq Şirinin səbri-qərarı kəsilmişdi, Fərhaddan ayrı yaşaya bil-mirdi. O tərəfdən Fərhad Şirinin ayrılığına dözə bilməyib onu görmək üçün evlərindən çıxdı. Gəzə-gəzə gəldi güllü bağa yetişdi. Fərhadın güllü bağa gəldiyini əzəlcə Məsmə qarabaş gördü. Götürdü görək Fərhadın gəlməsini Şirinə necə xəbər verdi:

Qəm-qüssəyə batan Şirin, Şad ol Şirin, Fərhad gəldi! Dərddən yükün tutan Şirin, Şad ol Şirin, Fərhad gəldi!

Çarhovuzun başındasan, Əcəb cavan yaşındasan. Sən də eşq ataşındasan, Şad ol Şirin, Fərhad gəldi!

Xoryad kimsələr görməsin, Canına qəsdə girməsin. Atana xəbər verməsin, Şad ol Şirin, Fərhad gəldi!

Məsmə qurban Şirin ada, Görməyəsən ağrı-qada. Yetişsən tez murada, Şad ol Şirin, Fərhad gəldi!

Fərhad gəldi hovuzun başına çatdı. Aşiq-məşuq görüşüb şad oldular. Fərhadın könlü açıldı, üzü güldü, çoxdan bəri həsrətini çəkdiyi gülüzlü Şirini görüb ona olan məhəbbəti birə-min artdı. Aldı görək qırx incə qızla güllü bağa seyrə çıxan Şirinə nə dedi:

Qırx incə qız ilə səhər çağında, Bəzənib seyrana çıxan Şirinim. Nə dövran eylərsən gülşən bağında, Bəzənib seyrana çıxan Şirinim.

Aşiqin buraya gəldiyin bildin, Nazlı gözəllərlə oynayıb güldün.

Oxuyan bülbül tək sən şövqə gəldin, Bəzənib seyrana çıxan Şirinim.

Fərhadın dilinin əzbəri sənsən, Çeşmi-nuri, şəmsi-qəməri sənsən. Cümlə gözəllərin ülkəri sənsən, Bəzənib seyrana çıxan Şirinim.

Aşiq-məşuq hovuzun başında yanaşı əyləşib şirin söhbət eliyirdilər. Ayrılıqlarından, dərdlərindən bir-birlərinə danışırdılar. Söhbət arasında Fərhadın bir sözü qıza dəydi. Şirin bundan bir az incidi. Fərhaddan küsdü, çəkildi bir yanda durdu. Şirinin Fərhaddan inciyib küsməsi oğlana to-xundu. Şirin üzünü çevirib, getməyə başladı. Fərhad görək nə dillərlə o nazlı, qəmzəli ceyranın könlünü alıb, geri qaytarır:

Ala gözlü, nazlı Şirin, Qayıt bəri, qayıt bəri. Şəhdi şəhər sözlü Şirin, Qayıt bəri, qayıt bəri.

Süzüb gedən mah camallım, Sənə qurban dövlət malım. Qız incimə, qadan alım, Qayıt bəri, qayıt bəri.

Sənsən dağların maralı, Dolanma məndən aralı, Sənsiz gül rəngim saralı, Qayıt bəri, qayıt bəri.

Məni öldürməkdi qəsdin, Səbri qərarımı kəsdin. Nə dedim ki, məndən küsdün? Qayıt bəri, qayıt bəri.

Zülflərinə çəkdin şana, Fərhadı yetirdin cana, Üz çevirib getmə yana, Qayıt bəri, qayıt bəri.

 

 

Fərhadın yalvarıb-yaxarması Şirinin qəlbini yumşaltdı, geri qayıtdı. Fərhad sözü ilə, sazı ilə Şirinin könlünü aldı. Şirin Fərhadın yanına gəldi. Çarhovuzun başında yanaşı əyləşdilər. Fərhad həsrətini çəkdiyi gözəl Şirini yanında görüb könlü açıldı, üzü güldü, aldı görək nə dedi, Şirin ona necə cavab verdi.

Aldı Fərhad:

Ala gözlü, nazlı Şirin, Şükür ki, bir də görüşdük. Sevdam ürəyimdə dərin, Şükür ki, bir də görüşdük.

 

Aldı Şirin:

Cövri-cəfa çəkən Fərhad, Sən bu bağa xoş gəlibsən. Bağında gül əkən Fərhad, Sən bu bağa xoş gəlibsən.

 

Aldı Fərhad:

Mərhəmət qıl sevgilinə, Heyranam şirin dilinə. Əlim yetişdi əlinə, Şükür ki, bir də görüşdük.

 

Aldı Şirin:

Göydən ensə huri-mələk, Tapılmaz sən kimi göyçək. Yolun süsən, sünbül, çiçək, Sən bu bağa xoş gəlibsən.

 

Aldı Fərhad:

Qaşların bənzər kamana, Gözlərin susayır qana. Həsrət idim sən canana, Şükür ki, bir də görüşdük.

122 <?^.

Aldı Şirin:

 

Çarhovuzun başındayıq, Yeniyetmə yaşındayıq. Biz də eşq ataşındayıq, Sən bu bağa xoş gəlibsən.

 

Aldı Fərhad:

 

Təbib gərək dərd araya, Dərman eyləyə yaraya. Rəqib girməsin araya, Şükür ki, bir də görüşdük.

 

Aldı Şirin:

 

Qamətim düz, belim incə, Üzüm güldü, sən gəlincə. Bülbül gülə qonub necə, Sən bu bağa xoş gəlibsən.

 

Aldı Fərhad:

 

Fərhad içib eşq camını, Dost dostdan alar kamını. Can dilər yaz əyyamını, Şükür ki, bir də görüşdük.

 

Aldı Şirin:

 

Hovuzun xoşdu qaynağı, Ördək ilə qaz oynağı. Şirinin bu məlul çağı, Sən bu bağa xoş gəlibsən.

 

Şirin yenə yerindən qalxıb başındakı gözəl qızlarla sallana-sallana bağda gəzməyə, gül dərməyə, çiçək üzməyə başladı. Danışan kim, deyən kim, gülən kim, qızların səsi, quşların cəh-cəhi bağı başına götürmüşdü. Şirinin min naz ilə əlində dəstə gül sallana-sallana gəlməsi Fərhadı bir də coşdurdu. Fərhadın sinəsi dəmirçi kürəsi kimi alışdı. Sazı yanan sinəsinə basıb götürdü gözəl Şirinə nə dedi:

Yüz nazilə gələn Şirin, Olmaz sən tək ceyran gözəl. Bağrım başın dələn Şirin, Mürvət elə, tərlan gözəl.

Nə zaman oldun anadan, Seçilməzsən sən sonadan. Yaranıbsan xoş binadan, Gül-camallı canan gözəl.

Sallanıb gəlirsən bəri, Adın dilimin əzbəri. On dörd yaşlı huri-pəri, Eyləyirsən seyran gözəl.

Yolunda çəkərəm cəfa, Bircə gəlməzsən insafa. Yar eylər əhdinə vəfa, Fərhad sənə qurban gözəl.

Söz tamama yetişdi, iki sevgili bir-birindən ayrıldı. Şirin başında qırx incə qız güllü bağdan çıxdı. Evlərinə getdi, Fərhad da Şirindən ayrılıb evlərinə gəldi. Şirini atası heç yerə buraxmırdı. Günlərin bir günü Şirin atasından xəlvət anasından icazə aldı, yanında xalası qızı Badam, başında qırx incə qız güllü bağa gəldilər.

O tərəfdən Fərhad da Şirini yadına salıb evlərindən çıxdı, birbaş güllü bağa gəldi. Gördü güllü bağda Şirin başında bir dəst qız seyr eləyir. Aldı görək Şirinə nə dedi, Şirin ona necə cavab verdi.

Aldı Fərhad:

Nə zamandı həsrətini çəkirəm, Əcəb yaxşı oldu qız, bu gəlişin. Gözlərimdən qanlı yaşlar tökürəm, Əcəb yaxşı oldu qız, bu gəlişin.

Aldı Şirin:

 

Düşübən çəkdiyin bu nə firqətdir? Oğlan, bir səbr eylə, sirrim duyarlar. Sinəmdə qövr edən dərddi, möhnətdi, Oğlan, bir səbr eylə, sirrim duyarlar.

 

Aldı Fərhad:

 

Əcəb xoş gəlibsən sən bizim bağa, Fərhad gözlərinə olsun sadağa. Mayiləm gül üzə, büllur buxağa, Əcəb yaxşı oldu qız, bu gəlişin.

 

Aldı Şirin:

 

Bülbül olan heç unutmaz gülünü, Sona olan tərk eyləməz gölünü. Şirin heç döndərməz səndən meylini, Oğlan, bir səbr eylə, sirrim duyarlar.

 

Söz tamam oldu. Fərhadın oxuması Şirinin xalası qızı Badam xanımın xoşuna gəlmədi. Badam qaş-qabağını tökdü. Fərhad ancaq Şirindən oxu-duğu üçün o, bundan sındı. Üzünü Fərhada tutub dedi:

- Ay aşıq, sən elə həmişə Şirindən oxuyursan, bəs biz adam deyi-

likmi?

Badamın cavabında götürdü Fərhad görək nə dedi:

 

Başına döndüyüm Badam, Badam, sən də çox gözəlsən. Yarı gördüm, könlü şadam, Badam, sən də çox gözəlsən.

 

Qaşlarındı əcəb kaman, Gözlərin buyurur fərman. Əndamında libas əlvan, Badam, sən də çox gözəlsən.

Bizə satma işvə, nazı, Gəl olgilən məndən razı. Şirinin xalası qızı Badam, sən də çox gözəlsən.

 

Hər kimsə ki, qatsa ara, Dərdinə olmasın çara. Ürəyimə vurma yara, Badam, sən də çox gözəlsən.

 

Badam xanım Fərhadın "sən də çox gözəlsən" deməsindən daha da bərk alındı. Şirin bu sirr açılmasın deyə, sözə qarışdı, dedi:

- Xalaqızı, aşığın qaydasıdı qıza, gəlinə tərif desin, sən bundan ötəri incimə.

Badam Şirinin sözünə qane olmadı, aldı görək Fərhada nə dedi, Fərhad ona nə cavab verdi:

 

Aldı Badam:

 

Aşıq, sənin dilin yansın, Beləmi öyülər gözəl? Mizrab vuran əlin yansın, Beləmi öyülər gözəl?

 

Aldı Fərhad:

 

Xanım, gəl mənə qarğama, Bəs necə öyülər gözəl? Saz götürdüm, tərif dedim, Bəs necə öyülər gözəl?

 

Aldı Badam:

 

Gülşən bağda bitər nərgiz, Onu döşürər gəlin, qız. Tərif söylədin ürəksiz, Beləmi öyülər gözəl?

Aldı Fərhad:

 

Yana tutuban üzünü, Yan-baş atırsan sözünü. Təriflədim qaş-gözünü, Bəs necə öyülər gözəl?

 

Aldı Badam:

 

Badamın qaşları kaman, Görənə çəkdirər aman. Aşıq, gəl söyləmə hədyan, Beləmi öyülər gözəl.

 

Aldı Fərhad:

 

Gözüm yuxudan ayıldı, Çox gülən gözlər zayıldı. Fərhad Şirinə mayıldı, Bəs necə öyülər gözəl?

 

Badam yenə Fərhadın oxumağından, onun tərif eləməyindən razı qalmadı. Badamın dərdi başqa dərd idi. O, həmişə xalası qızı Şirinin pa-xıllığını çəkirdi. Ona görə də burada Fərhadın Şirini tərif eyləməsi onun xoşuna gəlmirdi. Badam burda keçən əhvalatı yadında saxladı. Fərhad ilə Şirin dedilər, güldülər, bir-birlərindən ayrılıb evlərinə getdilər.

Səhərisi gün Badam Şirinin Fərhad ilə güllü bağda görüşüb söhbət eylədiyini Şəmistan padşaha xəbər verdi. Şəmistan padşah qızını yanına çağırıb, onu danladı, bir də Fərhad ilə görüşüb-danışmağı Şirinə qada-ğan elədi.

Bundan bir xeyli keçdi. Günlərin bir günü Şirin atasından xəlvət Məsmə qarabaş ilə güllü bağa gəldi. Bunlar bağda gəzib dolanırdılar ki, bir də Fərhad gəlib oraya çıxdı. İki sevgili bir-birləri ilə görüşüb, baş¬larına gələni bir-birlərinə nağıl eylədilər. Fərhad sevgilisi Şirini çoxdan görməmişdi, indi onu görüb çox şad olmuşdu. Aldı görək Şirin nə dedi. Şirin ona necə cavab verdi.

 

 

Aldı Fərhad:

Səhərin sübhündə çeşmə başında, Yenə gördüm səni, gözəl Şirinim. Yandırdı sinəmi eşqin atəşi, Yenə gördüm səni, gözəl Şirinim.

Aldı Şirin:

Dua eylə, hasil olsun muradın, Fərhad oğlan, mənim könlüm səndədi. Sevdaya düşmüşəm mən də sənin tək, Fərhad oğlan, mənim könlüm səndədi.

Aldı Fərhad:

Gözlərin şəhladı, qaşların qara, Müjganın vurubdu sinəmə yara. Sənsiz bu dərdimə kim eylər çara, Gözüm gördü səni, gözəl Şirinim.

Aldı Şirin:

Dərin-dərin dəryalar tək dolaram, Eşq ucundan saralaram, solaram. Qismət düşər mən də sənin olaram, Fərhad oğlan, mənim könlüm səndədi.

Aldı Fərhad:

Gəl sən zülm eyləmə aşiqə belə, Şeyda bülbül hər vaxt məftundu gülə. Fərhad qurban olsun o şirin dilə, Gözüm gördü səni, gözəl Şirinim.

Aldı Şirin:

Yüz xanzadə gəlsə, yüz də şahzadə, Mənim meylim səndən dönməz məbada. Şirinəm, ilqarım heç getməz bada, Fərhad oğlan, mənim könlüm səndədi.

Fərhad ilə Şirin həmişə görüşdükləri hovuzun başında əyləşib xeyli söhbət eylədilər. Bir-birlərinə yenə söz verdilər, əhdi-peyman bağla¬dılar. Bir-birlərindən dönməyəcəklərinə and içdilər. Şirin Məsmə qara-başla evlərinə, Fərhad da öz evlərinə getdi.

Bunlar burada qalsınlar, sizə Beysütun dağından xəbər verim. Bu elə bir dağ idi ki, başı həmişə bulud olurdu. Özü də başı göyə dəyirdi. Bey¬sütun dağının o üzündə bir gur bulaq var idi. Bu bulağın suyu şəkərdən şirin idi. Şəmistan padşah bulağın tərifini eşitmişdi. O, bu bulağı çək-dirib imarətinin qapısına gətirmək istəyirdi. Neçə ustalar çağırdı, ənam, xələt vəd eylədi. Heç kəsin ağlına batmadı. Bu olası iş deyildi. Axırda Şəmistan padşah car çəkdirdi ki, hər kim bu dağı yarıb Beysütun da¬ğında olan bulağın suyunu mənim qapıma çəkib gətirsə, ona nə istəsə verəcəyəm. Yenə heç kəs bu işi boynuna götürmədi. Axırda Fərhad pad-şahın hüzuruna gəlib dedi:

-              Padşah sağ olsun, izin versəniz mən dağı yararam. Beysütun da¬ğında olan bulağın suyunu çəkib qapınıza gətirrəm.

Padşah dedi:

-              İzindi, get gətir, nə istəsən verrəm. Fərhad dedi:

-              Qızın Şirini mənə verməyi vəd eləsən, gedib bulağın suyunu çəkib imarətinin qapısına gətirərəm.

Şəmistan padşah qızını Fərhada vermək istəmirdi, fikir eləyib öz-özünə dedi: "Hələ qoy getsin, dağı dəlsin, suyu gətirsin, sonra bir bəhanə ilə qızı ona vermərəm".

Şəmistan padşah üzdə Fərhadın sözünə razı oldu. Fərhad bundan se¬vindi, şad oldu, bir külüng götürüb getdi. Beysütun dağına yetişdi. Şirinin eşqi ürəyində külüngünü çəkdi, qayaları parçaladı, daşları qırdı, dağı dəl-məyə başladı. Xeyli müddətdən sonra şəkərdən şirin suyu olan bulağı Beysütun dağından çəkib düz Şəmistan padşahın qapısına gətirdi. Fərhad suyu çəkib gətirəndən sonra padşahın hüzuruna getdi; ondan verdiyi vədəni yerinə yetirdiyi üçün qızını verməyi xahiş elədi. Padşah gördü Fərhad dağı dəlib, suyu qapısına gətirib, Şirini ona verməsə el içində biabır olacaq, dedi:

-              Nə deyirəm, qızım sənindi, ancaq bir şərtim də var, onu yerinə yetirsən, daha heç bir sözüm olmaz, Şirini sənə verərəm.

Fərhad dedi:

-              Şərtin nədi?

Padşah dedi:

- Get daşları yon, qızım üçün bir imarət qur, sonra Şirini sənə verim.

Fərhad padşahın sözünə razı oldu. Külüngünü çiyninə götürdü, bir axar-baxarlı yerə yetişdi. O yer xoşuna gəldi. Daşları çapıb orada Şirin üçün bir qəsr tikməyə başladı. Fərhad işləyib yorulmuşdu, külüngünü yerə qoyub dağın ətəyinə endi. Axşam üstü idi, çöldən mal, qoyun qa-pılara dönürdü. Bir çoban Fərhadı dağ ətəyində qəmgin görüb onun yanına gəldi, çomağını saz eləyib döşünə basdı. Aldı görək Fərhada nə dedi, Fərhad ona necə cavab verdi:

 

Aldı çoban:

 

Yol üstündə duran oğlan, Oğlan, de nədən məlulsan? Gözlərindən qan-yaş axan, Oğlan, de nədən məlulsan?

 

Aldı Fərhad:

 

Əhvalım soruşan çoban, Çoban, yardan ayrılmışam! Uca dağdan aşan çoban, Çoban, yardan ayrılmışam!

 

Aldı çoban:

 

Yaman olar yarın nazı, Qumru kimi xoş avazı. Sənə gəlməz padşah qızı, Oğlan, de nədən məlulsan?

 

Aldı Fərhad:

 

Sinə qəmli, ürək məlul, Yardan ayrı mənəm zəlil. Nə eyləyim sevib könül, Çoban, yardan ayrılmışam!

Aldı çoban:

 

Çoban çıxdı güzarına, Doğru ol sən ilqarına. Görüm yetəsən yarına, Oğlan, de nədən məlulsan?

 

Aldı Fərhad:

 

Dağlar başı duman olar, Fərhad halı yaman olar. Yarsız işim fəğan olar, Çoban, yardan ayrılmışam!

 

Fərhad çobandan ayrılıb dağa qayıtdı. Külüngünü götürdü, qəsri qur-mağa başladı. Fərhad Şirinə qəsr qurmaqda olsun, sənə Həmzə padşah-dan xəbər verim.

Həmzə adlı bir padşah var idi. Həmzə padşahın Xosrov adlı bir oğlu vardı. Şahzadə Xosrov Şirinin gözəllik sorağını almışdı. Şirini sevdiyini atasına söylədi. Həmzə padşah Şəmistan padşahın yanına Şirini oğluna almaq üçün elçi göndərdi. Şəmistan padşah bundan çox şad oldu. Fər-hadın əlindən yaxa qurtarmaq üçün qızı Şirini Xosrova verməyə razı oldu. Şahzadə Xosrov toy tədarükünə başladı.

Xosrov toy tədarükündə olsun, sizə Şirindən xəbər verim. Şirin Fər-hadın daşları yonub qəsr qurmaqda olduğunu bilirdi. Bir gün ata-ana-sından izin alıb bir dəstə qızla Fərhadın görüşünə getdi. Gördü Fərhad daşları yonub bir qəsr qurur. Külüng qaldırır daşa vurur, hardan istəyir oradan kəsir, yonur, qəsr tikir. Fərhad Şirinin gəldiyini görüb külüngünü yerə qoydu, Şirinin yanına gəldi. Sevgililər görüşdülər. Fərhad Şirinin bu gəlişindən çox şad oldu. Aldı görək nə dedi:

 

Aldı Fərhad:

 

Bir dəstə qız ilə gələn Şirinim, Camalın işığı diyara düşür. Dostunun qədrini bilən Şirinim, Eşqindən ciyərim sədpara düşür.

 

 

Aldı Şirin:

 

Eşqin firqətindən mən də yanıram, Baş alıb yanına çölə gəlmişəm. Sənsiz xar görünür gözümə bağlar, Elə bil bülbüləm gülə gəlmişəm.

 

Aldı Fərhad:

 

Canım qurban olsun kamil ustada, Dara düşər olsam yetişər dada. Qorxuram ki, qismət olasan yada, Onda elə bil ki, gül xara düşür.

 

Aldı Şirin:

 

Canında eşq olan üşüyüb donmaz, Qəlbimi hər xənçəl doğrayıb yonmaz. Meylim səndən başqa kimsəyə qonmaz, Dərd istər bağrımı dələ, gəlmişəm.

 

Aldı Fərhad:

Səni bəsləyənin qız, evi abad, Mən öləndən sonra ömr eylə şad. Eşqə tutulanı biçarə Fərhad, Elindən, gülündən avara düşür.

 

Aldı Şirin:

Əziz dost, aşna, mehriban sənin, Qonçalı bağ-bağça gülüstan sənin. Əhdə dürüst çıxan Şirin can sənin, Məlum olsun oba, elə gəlmişəm.

Söz tamama yetişdi. Aşıq-məşuq bir-birlərindən ayrıldılar. Şirin ev-lərinə qayıtdı. Fərhad da külüngünü çəkib daşları yonmağa, qəsri qur-mağa başladı.

^9 132

Fərhad xeyli vaxt idi ki, Şirin ilə görüşə bilmirdi. Şirinin atası qızı-nın Fərhadın yanına getməsinə izin vermirdi. Fərhad, Şirinin ayrılığına dözə bilmirdi. Şirin deyirdi, Şirin eşidirdi. Şirinin eşqi onu az qala dəli-divanə eyləmişdi. Biçarə Fərhad daş yonub Şirinə qəsr tikə-tikə aldı görək nə dedi:

 

Dad, aman çəkirəm əlindən fələk, Şirin kimi gül-camallım görünməz! Halqa zülfü dal gərdəni bürüyən, Zənəxdanlı, qoşa xallım görünməz!

 

Qayda budu aşiq olan qəm çəkər, Yarın ayrılığı qəddimi bükər. Yanağı qırmızı, dodağı şəkər, Ağzı şirin, ləbi ballım görünməz.

 

Yardan ayrı düşüb könlümə talan, Məşuqdu aşiqi bəlaya salan. Fərhadın ağlını başından alan, Qalmağallım, qiyliğallım görünməz.

 

Fərhad burada qalsın, sənə Şirindən xəbər verim. Fərhad Şirindən ayrı alışıb yandığı kimi, Şirin də Fərhaddan ayrı səbri-qərarı kəsilmişdi. Atası onu heç bir yana buraxmırdı. Evdə oturub ah-zar eləyirdi, yemə-yirdi, içməyirdi, dərd-qəm çəkirdi.

Bir gün Fərhad yadına düşdü. Aldı görək nə dedi:

 

Yarımdan ayrı düşəli, İşim ahı-zardı, fələk! Üzün görə bilməyirəm, Dünya mənə dardı, fələk!

 

Yarsız mənə sitəm olub, Ürəyim qaynayıb dolub, Güllərim saralıb solub, Gülə düşmən xardı, fələk!

*ZJ> 133 <?A-

Fələk, unutma mürvəti, Mən çəkirəm yar firqəti. Gül üzlü dostun həsrəti, Könlümdə qubardı, fələk!

 

Mən çəkdiyim dərdi-sərdi, Tale məndən üz döndərdi. Şirin dərdi, eşq dərdi, Aləmə aşkardı, fələk!

 

Şirin burada qalsın, sizə Fərhadın atası Bilaldan, anası Reyhandan xəbər verim. Bilal ilə Reyhan oğlanlarının ayrılığına dözə bilməyib Fərhadın qəsr qurduğu yerə gəldilər. Ata-ana bircə oğlunu bağrına basıb üzündən, gözündən öpdülər. Onlar Fərhada öyüd-nəsihət verdilər, xahiş elədilər ki, bu işdən əl çəkib evlərinə gəlsin.

Ata-anası nə qədər eylədi Fərhad evlərinə getmədi. Axırda ata-anası əlacsız qalıb oğulları ilə halal-hümmət eylədilər. Fərhada xeyir-dua verib getdilər. Fərhad yenə külüngünü əlinə alıb daş çapmağa başladı.

Fərhad burada qalsın, sizə Şirinin anası Mehriban xanımdan danı¬şım. Xosrov Şirinin atasından razılıq alıb, Şirinə toy paltarı göndərmişdi. O istəyirdi ki, bir neçə günə toy eləsin.

Mehriban xanım ha eləyirdi, Şirin Xosrov göndərdiyi toy paltarını geyinib üzüyünü barmağına taxmırdı. "Ölsəm torpaqnan, qalsam Fərhad-nanam!" - deyirdi. Çəkilib bir yanda oturub ah-zar eyləyirdi. Mehriban xanım qızının könlünü almaq, onu dilə tutmaq üçün götürdü görək nə dedi, Şirin ona nə cavab verdi.

Aldı Mehriban xanım:

 

Gəl danış Şirinim, könlün açılsın, Atan səni şah oğluna veribdi. İnnən belə şad olmalı vaxtındı, Atan səni şah oğluna veribdi.

 

Aldı Şirin:

 

Könlüm dərd-qəm ilə dolubdu mənim, Öldürsələr, şah oğluna getmərəm.

Bu başıma küllər olubdu mənim, Öldürsələr, şah oğluna getmərəm.

 

Aldı Mehriban xanım:

 

Qızım, al xına yax əl-ayağına, Yaşdan ləkə düşər gül yanağına. Nişan üzüyünü tax barmağına, Atan səni şah oğluna veribdi.

 

Aldı Şirin:

 

İgiddə gərəkdi namus, ar olsun, Atamın bəd işi dildə car olsun. Nişan taxan yerdə görüm xar olsun, Öldürsələr, şah oğluna getmərəm.

 

Aldı Mehriban xanım:

 

Mehriban xanımın əziz balası, Yaxşı olar ana xeyir-duası. Atandan ayıbdı, gəl olma ası, Atan səni şah oğluna veribdi.

 

Aldı Şirin:

 

Şirin tərk eyləməz oba, elini, Bülbül hər vaxt istər qızılgülünü. Versəniz əlimə Fərhad əlini, Öldürsələr, şah oğluna getmərəm.

 

Onlar burada qalsınlar, sizə Fərhaddan danışım. Fərhad daşlardan yonub Şirinə qəsr qururdu. Ancaq Şirin axır vaxtlar onun yanına gələ bilmirdi. Atası Şirini gün üzünü görməyə buraxmırdı. Şirin gecə-gündüz evin bir küncündə əyləşib ah-zar eləyirdi. Fərhadın da Şirindən ayrı hər günü bir il keçirdi. Şirini yadına salıb aldı görək Fərhad nə dedi:

 

 

Dərdə salıb eşqi məni, Alagöz nazlı Şirinin. Sevdası düşüb başıma, Alagöz nazlı Şirinin.

Yanaqları gözəl lala, Bəzənərdi yaşıl, ala. Ağ üzü bələnib xala, Alagöz nazlı Şirinin.

Odur mənə vəfalı yar, Eşqindən ciyərim yanar. Həsrəti yandırar, yaxar, Alagöz nazlı Şirinin.

Əldə tuta badasını, Bir eşidə sədasını. Fərhad ala qadasını, Alagöz nazlı Şirinin.

Fərhad burada qalsın, sizə Şirindən xəbər verim. Axır vaxtlar Şirinin atası, anası onu heç bir yana buraxmırdı. Şirinin günü ağlamaqla keçirdi. Gecə-gündüz əli qoynunda, boynu çiynində, gözləri yolda idi. Ah-naləsini Fərhada yetirən bir kimsəsi yox idi. Bir gün Məsmə qarabaşı çağırıb dedi:

-              Sənə bir namə versəm, onu xəlvətcə aparıb Fərhada çatdıra bi-lərsənmi?

Məsmə qarabaş dedi:

-              Xanım, bu nə sözdü, canla, başla çatdıraram. Şirin göz yaşı ilə belə bir namə yazdı:

Hicran çəkən yazıq Fərhad, Yanına gələ bilmirəm. Sənsiz mən çəkirəm fəryad, Danışıb gülə bilmirəm.

Yar da unudarmı yarı? Atarmı əhdi, ilqarı?

 

 

Car olubdu üzüm sarı, Göz yaşım, silə bilmirəm.

Səyyad, uçub tərlan quşum, Onun üçün qara qaşım. Xancal alıb bağrım başın, Teyləyib gələ bilmirəm.

Şirin ağlar gündüz, gecə, Baxtı qara varmı məncə. Olacaqdı sənsiz necə, Ruzgarım, bilə bilmirəm.

Şirin naməni Məsmə qarabaşa verdi. Məsmə qarabaş xəlvətcə bir tərəfdən yol alıb özünü Fərhada yetirdi. Şirinin naməsini ona verdi. Fərhad namənin Şirindən gəldiyini bildi, öpdü, gözünün üstünə qoydu, sonra açdı oxudu. Namənin məzmunundan hali oldu. Götürdü görək Şirinə necə cavab yazdı:

Başına döndüyüm Şirin, Yar, yetişdi namən mənə. Can sadağası gözlərin, Yar, yetişdi namən mənə.

Ağlayıb ah-zar eyləmə, Könlümü qübar eyləmə. Gen dünyanı dar eyləmə, Yar, yetişdi namən mənə.

İzin olsa, mən də gəlləm, Soruşub halını billəm. Külüng alıb dağı dəlləm, Yar, yetişdi namən mənə.

Hər söz ilə yardan küsmə, Fərhaddan meylini kəsmə. Gətirdi qarabaş Məsmə, Yar, yetişdi namən mənə.

137 «L^.

Fərhad naməni tamam eyləyib Məsməyə verdi. Məsmə naməni gətirib Şirinə çatdırdı. Şirin əziz dostdan gəlmiş naməni aldı, gözünün üstünə qoydu. Açdı, oxudu, məzmunundan hali oldu. Dərdlə, həsrətlə evin bir küncünə qapanıb qaldı. Şirin burada qalmaqda olsun, sizə Xos-rovdan xəbər verim.

Xosrov toy eləyib Şirini evinə aparmaq istəyirdi. Şirinin hər təda-rükü görülmüşdü. Atası-anası əyər-əskiyini, cehizini hazırlamışdı. Ancaq Şirinin əvvəldən Xosrova meyli yox idi. Atası-anası bunu bildi, qızları-nın şahzadə Xosrova getmək istəmədiyinə acıqlandılar. Şirini güclə Xos-rovun evinə köçürmək istədilər. Anası Mehriban xanım Şirinin yanına gəldi, onu dilə tutdu, Xosrova getməsi üçün ona öyüd-nəsihət eylədi.

Mehriban xanım nə qədər dil tökdü, əlləşdi, nə qədər çalışdısa da, Şirini razı sala bilmədi. Axırda əlacı kəsilib Şəmistan padşahın yanına getdi, Şirinin Xosrova getmək istəmədiyini ona söylədi.

Onlar burada qalsınlar, sizə Beysütunda Fərhaddan xəbər verim. Fərhad Beysütun dağında Şirinin eşqi ilə yanıb yaxılırdı. Ancaq əlindən bir iş gəlmirdi. Əlindən gələn bircə iş vardısa, o da külüng ilə dağı dəlib, daşları yonub Şirin qəsrini tikmək idi.

Fərhad qorxurdu ki, o, qəsri qursun, başa gətirsin, ancaq Şəmistan padşah əhdinə vəfa edib Şirini ona verməsin. Fərhad bu fikirdə idi ki, bir də gördü bir adam gəlib Beysütunun yanından keçir. Fərhad o adamı yanına çağırdı. Adam Şəmistan padşaha namə aparırdı.

Qasid Fərhada dedi:

- Ey Fərhad, Şəmistan padşah ilqarından dönüb, qızını şahzadə Xos-rova verir. Fərhad bunu eşitdi, padşahın verdiyi ilqardan döndüyünü bildi, qasiddən xahiş eylədi ki, mən bir namə yazım, onu Şəmistan padşaha yetir. Qasid Fərhadın naməsini Şəmistan padşaha çatdırmağa razı oldu. Fərhad aldı görək Şəmistan padşaha necə namə yazdı.

 

İlqar etdin, əhdi-peyman bağladın, Padşah da ilqarından dönərmi? Bağrım başın çarı-çarpaz dağladın, Padşah da ilqarından dönərmi?

 

Könlüm gəzir ərş üzünü, dərini, Sevdim, seçdim ala gözlü pərini.

Gəl eyləmə sən də məndən Şirini, Padşah da ilqarından dönərmi?

 

Pirimin əlindən badələr içdim, Düşdüm mən sevdaya, canımdan keçdim. Şirinin eşqilə dağları deşdim, Padşah da ilqarından dönərmi?

 

Təqsirim var, başımı kəs, fərman ver, Bir qız bəsləyibsən, bir oğlana ver. Fərhadam, Şirini mən nalana ver, Padşah da ilqarından dönərmi?

 

Fərhad naməni tamam edib qasidə verdi. Qasid naməni gətirib Şəmistan padşaha çatdırdı. Şəmistan padşah naməni oxuyub hali oldu, qəzəbləndi, naməni para-para eyləyib yerə atdı. Sonra qalxdı Şirinin yanına gəldi. Şəmistan padşah Şirinin yanına o vaxtda gəlmişdi ki, gəlinbaşı bəzəyənlər nə qədər çalışırdılarsa, Şirin toy paltarını əyninə geymirdi. Padşah bunu görüb daha da qəzəbləndi. Şirinin üstünə çı¬ğırdı. Qızına güclə toy paltarını geyindirdi. Şahzadə Xosrov Şirini kö-çürüb evlərinə apardı. Şirin paltarının altında özü ilə zəhərli bir xəncəl götürmüşdü. Xosrov ona yaxın gəlmək istəyəndə Şirin zəhərli xən-cəli çəkib dedi:

-              Nə vaxt mənə əl uzatsan, bu xəncəllə səni də, özümü də öldürə-cəyəm.

Xosrov Şirinin özünü öldürməyindən qorxub ona yaxın getmədi.

Şirin bir otaqda əsir kimi qalmışdı. Xosrovu yanına gəlməyə qoy-murdu, demirdi, gülmürdü, danışmırdı, bütün günü ağlayıb ah-zar elə-yirdi.

Bir gün yenə Şirin Məsmə qarabaşı yanına çağırıb dedi:

-              Əziz qarabaşım Məsmə, Fərhada bir namə göndərmək istəyirəm, Fərhaddan ayrı nə gecəm gecədi, nə gündüzüm gündüz, səbrim-qərarım kəsilib. Fərhadsız dərdim başımdan aşıb, namə yazım, onu xəlvətcə apar Fərhada çatdır. Fərhaddan da naməmə cavab al gətir.

Məsmə qarabaş Şirinin naməsini Fərhada çatdırmağa razı oldu. Şirin Fərhada belə bir namə yazdı:

 

 

Xətti-xallı Fərhad oğlan, Oğlan, inan, mən səninəm. Gül camallı, Fərhad oğlan, Oğlan, inan, mən səninəm.

 

Axtar, dolan, yar, məni gəz, Eşqin bu sinəmdən sönməz. Heç vaxt səndən meylim dönməz, Oğlan, inan, mən səninəm!

 

Mənim günüm keçər ah-zar, Aləm olub başıma dar. Arada ceyrəqiblər var, Oğlan inan mən səninəm!

 

Firqətindən bağrım yara, Sənsiz günüm keçir qara. Bəlkə ki, ölüm ayıra, Oğlan, inan, mən səninəm!

 

Şirinin olub qəlbi qan, Dərd əlindən çəkir aman. Ortada var əhdi-peyman, Oğlan, inan, mən səninəm!

 

Məsmə qarabaş naməni götürüb yola düşdü. Gətirdi Beysütun dağında Fərhada çatdırdı. Fərhad naməni oxuyub işdən hali oldu. Aldı görək sevgilisi Şirinin naməsinə necə cavab yazdı.

Aldı Fərhad:

 

Namən gəldi mənə çatdı, Şirin sənin, Şirin sənin. Tuti dillim, qadan alım, Şirin sənin, Şirin sənin.

 

Sevdim sən kimi sənəmi, Hüsnün bənzədim günəmi?

 

 

Sözlərin dəldi sinəmi. Şirin sənin, Şirin sənin.

Fərhad sənin vəfadarın, İstəkli mehriban yarın. Başa varsın düz ilqarın, Şirin sənin, Şirin sənin.

Fərhad naməsini tamam edib, Məsmə qarabaşa verdi, Məsmə yola düşdü. Fərhadın naməsini gətirib Şirinə çatdırdı. Şirin naməni oxudu, bir tərəfdən şad oldu, bir tərəfdən də qəmgin. Ona görə şad oldu ki, dostundan namə gəlmişdi. Ona görə qəmgin oldu ki, xeyli vaxt idi Fər-hadın gül üzünü görüb şirin sözünü eşitməyirdi. Şirin Fərhaddan ayrı burada ah-zar çəkib qalmaqda olsun, sizə Xosrovdan danışım.

Xosrov da avara qalmışdı. Toy eyləyib Şirini evinə gətirsə də, ancaq ona yaxın gedə bilmirdi. Şirin ilə demək, danışmaq, gülmək ona haram idi. Nə vaxt yaxın getmək istəyəndə Şirin xəncəli çəkib "özümü öl-dürrəm" deyirdi. Xosrov da Şirinin özünü öldürməyindən qorxub ona yaxın gedə bilməyirdi. Vaxtının çoxunu vəzirlə, vəkillə, başının atlıları ilə ovda keçirirdi. Evə də gələndə Şirindən bir iz görməyirdi. Xosrov bilirdi ki, Şirin Fərhada, Fərhad da Şirinə aşiqdi. Xosrov yəqin eylə-mişdi ki, qəsr başa gələn kimi, Fərhad padşahdan Şirini istəyib alacaq. Ona görə də Xosrov Fərhadı yox eyləmək, Şirinin meylini özünə dön-dərmək üçün çarə axtarırdı.

Xosrov burada qalsın, sizə yenə də Şirindən xəbər verim. Fərhad Şirinin yadına düşmüşdü. Bir yandan Fərhadın ayrılığı, o bir yandan da Xosrovun Şirini incitməsi, evdən, eşikdən bir yana çıxmağa qoyma-ması Şirini daha da dərdə-qəmə batırmışdı. Şirin Fərhaddan ayrı işıqlı dünyada ömür eyləmək istəməyirdi. Yazıq Şirin Fərhadı yadına salıb aldı görək nə dedi:

Alışır eşqin oduna, Bu canım Fərhaddan ayrı! Göyə ucalıbdı ahım, Fəqanım Fərhaddan ayrı!

Nə yamandı eşq atəşi, Odlanır bağrımın başı.

^üt^ 141

Nəyə gərək hilal qaşı, Kamanım Fərhaddan ayrı!

 

Gələydi vəfalı yarım, Pozulmayaydı ilqarım. Kəsilib səbrim, qərarım, Amanım Fərhaddan ayrı!

 

Fəryad qıllam gündüz-gecə. Qohum-qardaş gəlməz vecə, Şirinəm, solubdu necə, Gülşanım Fərhaddan ayrı!

 

Şirin Fərhaddan ayrı ağlayıb, sızladığı kimi Fərhad da Beysütun dağında Şirini yadına salırdı. Fərhadın Şirinsiz səbri, qərarı kəsilmişdi. Külüngü çəkib daşları yonur, qəsrin son daşlarını düzürdü. Fərhad öz-özünə fikir eyləyirdi ki, qəsr başa gələcək, o toy eyləyib Şəmistan padşahdan qızı alacaq, Şirini köçürüb bu qəsrə gətirəcək, onlar ömür, gün sürəcəklər.

Fərhad Beysütun dağında Şirin qəsrini qurmaqda olsun eşit şahzadə Xosrovdan. Xosrov Fərhadı tələf eyləmək üçün çox fikirləşdi, düşündü, tədbir aradı. Ancaq xalq içində ona bir şey eyləyə bilmədi. Bir gün şah-zadə Xosrovun yanına bir beyman qarı gəldi, dedi:

-              Şahzadə, mənə nə verərsən Fərhadı tələf edib öldürdəm? Xosrov dedi:

-              Fərhadı öldürdə bilsən sənə özün ağırı qızıl verrəm!

Xosrov bunu deyib əlini cibinə saldı. Qabaqcadan qarıya üç ovuc qı-zıl verdi. Qarı qızılı görüb gözü hədəqədən çıxdı. Olan-qalan imanını da atdı. Bir büküm halva götürüb Beysütun dağına Fərhadın yanına yola düşdü. Qarı yol getməkdə olsun, eşit Fərhaddan.

Fərhad yenə külüngünü çəkib daşları yonur, qəsri tikirdi. Şirinin qəsri başa gəlhagəl idi. Fərhad Şirinin eşqi ilə külüngü daşa elə vu¬rurdu ki, neçə ağacdan səsi eşidilirdi. Yorulanda hərdən bir dayanıb ətrafa göz gəzdirirdi, özündən başqa heç kimi görmürdü. Biçarə Fərhad Bey-sütun dağında tək-tənha qalmışdı. Dilinin şirin sözü Şirin, şirin kəlməsi Şirin idi. Aldı görək bülbül gülündən ayrı düşən kimi, butasından ayrı düşmüş Fərhad Şirinin eşqində nə dedi:

Tək-tənha dağda qalmışam, Yada sala Şirin məni. Yarsız saralıb solmuşam, Yada sala Şirin məni.

 

Yar gələydi bu çağları, Külüngüm dəlir dağları. Qururam ağ otaqları, Yada sala Şirin məni.

 

Arzularam Şirin canı, Alagözlü mehribanı, Unutmaya əhd-peymanı, Yada sala Şirin məni.

 

Hərdən qıyğacı baxanda, Canımı oda yaxanda. Qızlarla seyrə çıxanda, Yada sala Şirin məni!

 

Fərhadam, candan olanda, Rəngim saralıb solanda. Piyaləm qanla dolanda, Yada sala Şirin məni!

 

Söz tamama yetişdi. Fərhad yenə külüngünü çəkib, daşları yo-nub, qəsri qurmağa başladı. Bu tərəfdən beyman qarı Beysütuna ye-tişdi, Fərhadın yanına gəldi, gördü Fərhad daşları yonur, qəsri qurur. Qarı dedi:

-              Fərhad, bu qəsri kimin üçün qurursan? Fərhad dedi:

-              Şirin üçün qururam. Beyman qarı dedi:

-              Zəhmət çəkib daş yonub qəsri qurma! Şirin öldü.

Fərhad beyman qarının sözünə əvvəlcə inanmadı. Qarı əlindəki bü¬küm halvanı göstərib dedi:

-              Şirin ölübdü, bu da onun ehsan halvasıdı.

Fərhad Şirinin ölüm xəbərini eşidib ürəyindən dərin bir ah çəkdi, bədəni titrədi, az qaldı ki, ağlı başından çıxsın. Dünya gözündə qaran-lıqlaşdı. Üzünü qarıya tutub dedi:

- Beyman qarı, necə sənin dilindən gəldi dedin Şirin ölübdü!

Mətləbinə yetməyən, muradına çatmayan biçarə Fərhad əzəl Şirinin ölüm xəbərini gətirən beyman qarıya bir külüng vurub öldürdü. Sonra öz-özünə dedi: Şirindən sonra mən dünyada ömür istəmirəm. Fərhad bunu deyib, külüngünü var gücü ilə göyə atdı, başını külüngün altına tutdu. Külüng onun başına düşdü. Fərhad külüngün zərbəsilə öldü.

Fərhadın ölüm xəbəri Şirinə yetişdi. Şirin zəhərli xəncəlnən oraya gəldi. Fərhadı ölmüş görüb xəncəli çəkdi, dəstəsini Fərhadın meyidinə dayayıb özünü xəncəlin üstünə atdı. Xəncəl Şirinin ürəyinin başından batdı, kürəyinin arxasından çıxdı. Şirin də Fərhadın yanında öldü. Fərhad ilə Şirinin ölüm xəbərini ataları, anaları eşitdi. Gəldilər bimurad ölmüş Fərhad ilə Şirinə yanaşı qəbir qazdılar, basdırdılar. Onlara ehsan verdilər. Ehsan yeməyə gələnlər beyman qarıya, padşaha, Xosrova lənət, Fərhad ilə Şirinə isə rəhmət oxuyub getdilər.


Hiç yorum yok:

Yorum Gönder