Xanəli Kərimli - Hələ də

0

Hərdən oxuyuram özüm özümü,
Daha yazdıqlarım qalmır yadımda.
Hərdən axtarıram özüm özümü,
Görürəm, yadımdan çıxıb adım da.


Deyim ki, yaşdandı, yaş o yaş deyil,
Yaxını uzaqdan seçə bilirəm.
Arandan vururam, dağdan çıxıram,
Haradadır bizim küçə - bilirəm.
 

Bilsəm də dünyanın gəlir-çıxarın,
Baş aça bilmirəm özüm özümdən.
Əlimdən alırlar halal tikəmi,
Bir kəlmə söz demək gəlmir üzümdən.

Adımı qoyublar "yaxşı adamdı",
Kimsənin işinə dəyib dolaşmaz.
Özləri bir gündə min ev yıxırlar,
İnsanlıq adına, vallah, yaraşmaz.

Bu nə zəmanədi, bu nə dövrandı,
İnsanı şeytandan ayırmaq olmur?..
Bilirsən ki, şeytan şeytandı, qardaş,
İnsan iştahasın doyurmaq olmur.

Milyon illərdir ki, yol gəlir insan,
Hələ də özündə-sözündə deyil.
Bütün ömrü boyu haqq arasa da,
Haqqın yolunda yox, izində deyil.

Onunçün də dünya yaranışından
Qana bələnibdi, qana düşübdü.
Doğmalar yadlaşıb, yaddaşlar itib,
Hərəsi bir səmtə, yana düşübdü.

...
Özümdə özümü çox axtarmışam,
Ayaq yer tutandan, ağlım kəsəndən.
Hələ də özümü tapa bilmirəm,
Bu çaşqın dünyaya yolum düşəndən.

Yorum Gönder

0 Yorumlar

Yorum Gönder (0)

#buttons=(Çerezleri kabul et) #days=(20)

Sitemizde çerezler kullanılmaktadır. Kabul
Çerezleri kabul et