7 Haziran 2024 Cuma

Mikayıl Müşfiq - Oxu, tar


Oxu, tar, oxu tar!…

Səsindən ən lətif şeirlər dinləyim,

Oxu tar, bir qadar,

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu tar!

Səni kim unudar?

 

Ey geniş kütlənin acısı, şərbəti,

Alovlu sənəti!

Gözləri qibləyə açılan hasarlı binalar,

Dinləmiş əzəldən səsini.

Papaqlı atalar, çadralı analar,

Ötürmüş sayəndə köksünü:

Düşmüşlər gah şirin, gah acı toruna,

Sevinə-sevinə, qoruna-qoruna.

Çarparaq Çargahın divardan divara,

Yolçunu yolundan eyləmiş avara.

Çalxalanmış dərələr, təpələr,

Səs vermiş səsinə ləpələr.

 

Oxu tar:

fikrimdə oyansın,

Baharın, Seyidin qəzəli;

Oxu, tar, ruhlansın

Şirvanın, Gəncənin mehriban gözəli!

Damağdan düşənlər,

Ürəyi şişənlər,

İlkbahar seyrinə çıxmayan,

Özünü dağların döşünə yıxmayan

Sinəsi dağlılar,

Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar,

Dəxilin olmuşlar,

Qapında təsəlli bulmuşlar.

 

Zilin var, vəsətin, bəmin var;

Sənin də quşların dəmindən ayrılan

Bir özgə dəmin var.

Səni də avara eyləmiş

Dağınıq telli bir “zərəfşan”.

Onunçün Segahın danışır,

Pərişan, pərişan.

Səsini dinləmiş

Şahların, xanların sarayı;

Səninlə birlikdə inləmiş

Əsirlər alayı.

Bəzən də simlərin qəmləri ovudar,

Olardın onların sirdaşı

Sən ey tar!…

Gülləri əməkçi barmaqlar qanından

Rəng alan xalçalar,

Xalçalar üstündə uzanmış

Dodağı qönçələr,

“- Hey, saqi, mədət qıl, soyudu şərabın,

İncitmə könlünü bu xanəxərabın!”

Söyləyən tox sözlü şairlər,

Həvəsdən doymayan ac gözlü şairlər:

Nədimlər, Vaqiflər,

Gözəllik sirrinə vaqiflər

Hep səni dinləmiş;

Oxumuş, inləmiş.

İndi də bizimçin oxu, tar!

Səni kim unudar?

 

Sən qulluq etmədin məscidə, axunda,

Çalışdın, həyatı sevməyin uğrunda.

Çoxları üzünə durdular,

Könlünü qırdılar.

Nə deyim o yekəbaşlara?!

Çaldılar ruhunu daşlara.

Üstündən bir qara yel kimi əsdilər,

Səsini kəsdilər,

Daşlandı çəkənlər nazını,

Böyləcə qırdılar aşığın sazını.

Sən xalqa “gül!” dedin.

“Ey qüssə, öl!” dedin.

Başladı məsciddə mərsiyə.

Sarıqlı çıxınca ərsəyə

Qüssəmiz ölmədi,

Xalqımız gülmədi.

Ağladıq daima, ağladıq,

Ey qədim aşina, ağladıq,

 

Oxu, tar!

Dəyişdi zamana,

Bax indi radio səsini

dağıdır cahana.

Ey tarçı, çal, oxu!

Könlümü al, oxu!

Vur sazı döşünə, ey aşıq!

Qalmamış nə əba, nə qaba, nə sarıq.

Oxu, tar!

Alovlu izlərin

Əcəba, neçə sıx dilbərin

Yasəmən üzünü pul kimi qızartmış?

O sarı simlərin lisanı

Salmazmı heyrətə insanı?

 

Oxu, tar!

Mən səndə

İstənən havanı çala da bilərəm.

Mən səndən bu günün zövqünü

ala da bilərəm.

Sən bu gün silahsan əlimdə,

Səni mən hansı bir hədəfə

İstəsəm, çevirə bilərəm.

Qəlblərdə gizlənən keçmişi

Bir yeni nəğmənin əliylə

Devirə bilərəm!

Oxu, tar!

Fabrikdə, zavodda,

Traktor başında.

Bu saat qarşında

Nə qədər adam var!

Utanma, oxu, tar!

Mədənli Bakımın

Pambıqlı Gəncəmin,

İpəkli Şəkimin

Acısı, şərbəti

Alovlu sənəti.

 

Oxu, tar, oxu, tar!…

Səsindən ən lətif şeirlər dinləyim.

Oxu, tar, bir qadar!…

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unudar?

Ey geniş kütləmin şirini, şərbəti,

Alovlu sənəti!..

Hiç yorum yok:

Yorum Gönder

Orhan Şaik Gökyay - Yas