Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq,
Aşikar eyləməyincə ürəyim qan olacaq?
Nə qədər gül üzünün həsrətin aşiq çəksin,
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?
Bəs haçan rəhm edəcək bülbülü – biçarəyə gül
Nə qədər bəs o fəğirin işi əfğan olacaq?
Eşqdən başqa nə dərd olsa yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm necə dərman olacaq?
Öz xoşumla o qarə zülfə əsir oldum özüm,
Bilmədim, xatirim eşqində pərişan olacaq.
Sən götürt məscidi zahid , bizə meyxanəni ver,
Kim bu işdə görək axırda peşiman olacaq?
Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.
Hiç yorum yok:
Yorum Gönder